REGİONLAR
Salyanda məktəblilər narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar
Salyan, 20 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonda yerləşən 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, yaratdığı asılılıqdan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından danışıb, həmçinin ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən söz açıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edənlərin heç birinin uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalırlar. Gənclərimizi daha düzgün və uğurlu yola yönləndirmək isə biz valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Çünki sağlam gələcək məhz yaxşı təhsil alan sağlam ruhlu, sağlam əqidəli gənclərdən asılıdır. Çıxışçılar, həmçinin azyaşlıların erkən nikaha daxil olmaları barədə söz açaraq, bu cür halların gənc ailələrdə yaratdığı problemlərdən danışıblar. Tədbirdə iştirak edən valideynlər də bunun fəsadları barədə məlumat verərək, övladlarının həyatında təhsilin önəmini bildiriblər.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.