REGİONLAR
Şamaxıda görkəmli coğrafiyaşünas alim Nurəddin Kərəmova həsr olunmuş elmi-praktik konfrans keçirilib
![Şamaxıda görkəmli coğrafiyaşünas alim Nurəddin Kərəmova həsr olunmuş elmi-praktik konfrans keçirilib](/files/2022/2/1200x630/16549418974114431338_1200x630.jpg)
Şamaxı, 11 iyun, AZƏRTAC
Şamaxıda rayon icra hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının H.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, tanınmış coğrafiyaçı-landşaftşünas Nurəddin Kərəm oğlu Kərəmovun anadan olmasının 110 illiyinə həsr edilən “Azərbaycan landşaft tədqiqatlarının inkişafında və coğrafiyaçı səyyahların öyrənilməsində N.K.Kərəmovun rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Şamaxı İncəsənət Təhsili Mərkəzində təşkil olunan konfransda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Eminov, institutun əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransı açan AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Eminov Azərbaycanda landşaft tədqiqatlarının inkişafında və coğrafiyaçı səyyahların öyrənilməsində Nurəddin Kərəmovun xidmətlərindən bəhs edərək, onun bu istiqamətdə gördüyü işlərdən geniş söhbət açıb.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayaraq Azərbaycan mədəniyyətinin və elminin inkişafında şamaxılı alimlərin rolundan, o cümlədən coğrafiya elminin inkişafı istiqamətində görkəmli alim Nurəddin Kərəmovun göstərdiyi xidmətlərdən danışıb, bu kimi tədbirlərin keçirilməsinin ölkəmizdə elmə və təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
Konfransda çıxış edənlər AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları İsmayıl Quliyev, Çingiz Gülalıyev, Etibar Bədəlov, Şamaxı rayon Akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin direktoru Afaq Orucova və alimin yaxın qohumu Sabir Dəmirov Nurəddin Kərəmovun Azərbaycan elminə verdiyi töhfələrdən geniş söhbət açaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Sonda çıxış edən Nurəddin Kərəmovun nəvəsi Rüfət Kərimov konfransın təşkilində göstərdikləri köməyə görə ailə üzvləri adından Şamaxı Rayon İcra Hakimiyyətinə və Coğrafiya İnstitutuna minnətdarlığını bildirib.