SİYASƏT
Səfir Vaqif Sadıqov: Azərbaycanın təmsil olunacağı “Milan Expo 2015” sərgisi təkcə İtaliya üçün deyil, bütün dünya üçün əhəmiyyətli tədbirdir
Roma, 26 iyun (AZƏRTAC). İtaliyanın aparıcı “Adnkronos” informasiya agentliyinin saytında Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun müsahibəsi dərc edilmişdir.
V.Sadıqov gələn il Milanda keçiriləcək və Azərbaycanın da təmsil olunacağı “Expo 2015” dünya sərgisi ilə bağlı fikirlərini bölüşərək bildirmişdir ki, təkcə İtaliya üçün deyil, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən bu sərginin məqsədi diqqəti sağlam həyat və ekologiyaya, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, sağlam qidalanmaya cəlb etməkdir.
Səfir Azərbaycanın bu tədbirə qatılmaqda maraqlı və öz iştirakını ilk təsdiqləyən dövlətlərdən biri olduğunu, artıq ölkəmizin sərgi pavilyonunun qurulmasının ilkin mərhələsinə başlandığını diqqətə çatdırmışdır.
Diplomat demişdir ki, Azərbaycan təkcə sənaye ölkəsi deyil, eyni zamanda, geniş çeşiddə kənd təsərrüfatı məhsullarının istehsalçısıdır. Sərgi iştirakçılarına Azərbaycanda müvafiq istiqamətlərdə əldə olunan mühüm nailiyyətlər, ölkəmiz tərəfindən beynəlxalq əməkdaşlıq üçün təklif edilən bir çox imkanlar nümayiş olunacaqdır. Bu sərgi Azərbaycanın kənd təsərrüfatı və ərzaq sektoru sahəsində tarixən mövcud olan ənənələrini, davamlı inkişafa yeni baxışını və gələcək nəsillərin sağlamlığı üçün həyata keçirilən genişmiqyaslı layihələri nümayiş etdirmək üçün yaxşı imkandır. Bu baxımdan “Expo 2015” sərgisi Azərbaycan ilə İtaliya arasında iqtisadi tərəfdaşlığın yeni istiqamətlərini açacaqdır.
Səfir tarixən Azərbaycan ilə İtaliya arasında mövcud olan yaxın əlaqələrə də toxunaraq bildirmişdir ki, hazırda ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə sıx münasibətlər mövcuddur.
Müsahibənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma