CƏMİYYƏT
Şəhid Rəşad Zeynallının ailəsinə göstərilən sosial dəstək davam edəcək
Bakı, 18 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsi şəhidi Rəşad Qiyas oğlu Zeynallının ailəsini ziyarət edib.
Şəhidin ailəsi nazirlik tərəfindən Binəqədi rayonu, Xocasən qəsəbəsindəki Yeni Yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, V.Behbudov bildirib ki, tarixi torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən Rəşad Zeynallının xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq.
Agentliyin sədri şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi ilə bağlı görülən işlərdən danışarkən bildirib ki, şəhid Rəşad Zeynallının ailəsi də sosial dəstək tədbirləri ilə əhatə olunub və qarşıdakı dövrdə də həmin tədbirlər davam edəcək.
Onu da qeyd edək ki, Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Rəşad Zeynallı Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.