ELM VƏ TƏHSİL
“Şəhriyar şeir ənənələri və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə XX yüzilliyin böyük şairi Məhəmmədhüseyn Şəhriyara həsr edilən “Şəhriyar şeir ənənələri və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın zəngin ədəbi yaradıcılığından, XX əsr Şərq poeziyasının inkişafındakı rolundan, ədəbiyyata verdiyi töhfələrdən söz açıb. Bildirilib ki, qüdrətli söz ustadı M.Şəhriyarın ölməz irsi dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir.
Akademik İ.Həbibbəyli bu yaxınlarda Təbriz şəhərində keçirilən tədbirdə ustad sənətkarın yaradıcılığını araşdıran alimlərə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni”nin təqdim edildiyini söyləyib, şairin bədii irsinin həmişə tədqiqatçıların diqqət mərkəzində olduğunu vurğulayıb.
AMEA-nın vitse-prezidenti bildirib ki, konfransın işində Azərbaycan alimləri ilə yanaşı, İrandan da tədqiqatçılar iştirak edirlər. Alim ədəbi əlaqələrin genişlənməsində, Şəhriyarın yaradıcılığının daha dərindən öyrənilməsində, tədqiq və tədris edilməsində konfransın əhəmiyyətini vurğulayıb, onun işinə uğurlar arzulayıb.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, Məhəmmədhüseyn Şəhriyar Azərbaycan və İran ədəbiyyatının fəxridir. Azərbaycan və fars dillərində yazdığı əsərləri ilə o, hələ sağlığında klassiklər səviyyəsinə yüksəlib, Yaxın Şərq ədəbiyyatını bədii möcüzələrlə, təravətli obraz və ifadə vasitələri ilə zənginləşdirib.
Azərbaycan-İran əlaqələrindən söz açan M.Pakayin iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini söyləyib.
Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Ustad Məhəmmədhüseyn Şəhriyar haqqında söz” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, M.Şəhriyar özünəməxsus yaradıcılıq üslubu, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə dünya ədəbiyyatının inkişafına böyük töhfələr verib.
Tədbirdə akademik Vasim Məmmədəliyev, professor Məhərrəm Qasımlı, İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimli və başqaları çıxış edərək ustad şair Şəhriyarın yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşüblər.
Konfransda, həmçinin ustad şairin öz ifasında şerləri səsləndirilib.