CƏMİYYƏT
Şəki, Lənkəran və Gəncədə regional debat təlimləri keçirilmişdir
Bakı, 9 aprel (AZƏRTAC). “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu - Yaz- 2012” çərçivəsində həyata keçirilən silsilə tədbirlər davam edir. “Respublika Gənclər Debat Forumu - Yaz- 2012” çərçivəsində növbəti debat təlimləri Şəki, Lənkəran və Gəncə şəhərlərində keçirilmişdir.
Birlikdən AZƏRTAC-a verilən məlumata görə, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü, Lənkəran Gənclər Evinin nəzdində fəaliyyət göstərən Lənkəran Debat Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Cənub Regional Debat Təlimi”ndə Astara, Masallı, Lənkəran, Neftçala, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Hacıqabul, İmişli, Şirvan rayonlarını təmsil edən 145 gənc iştirak etmişdir. Bundan başqa, Lənkəran Debat Mərkəzində şəhərin orta təhsil müəssisələrindən 14-16 yaşlı 43 şagirdin iştirakı ilə debat təlimləri də keçirilmişdir.
Şəkidə təşkil olunan “Şimal-qərb Regional Debat Təlimi” isə şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə həyata keçirilmişdir. Təlimdə Qax, Oğuz, Balakən, Şəki rayonlarını təmsil edən 90 gənc iştirak etmişdir.
Digər bir debat təlimi isə Gəncədə olmuşdur. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və Gəncə Debat Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Qərb Regional Debat Təlimi”ndə Gəncə, Göygöl və Goranboy rayonlarından 25 gənc iştirak etmişdir.
Təlimlərdə gənclərə debat metodologiyası, arqumentləşdirmə və inandırma, natiqlik sənəti, tənqidi və kreativ təfəkkür, şəbəkələşmə, sosial aktivlik və digər bilik, bacarıq və dəyərlər aşılanmışdır.
Qeyd edək ki, təlimi uğurla başa vuran gənclər müvafiq olaraq “Cənub Regional Gənclər Debat Forumu” (Lənkəran), “Şimal-qərb Regional Gənclər Debat Forumu” (Şəki) və “Qərb Regional Gənclər Debat Forum”unda (Gəncə) iştirak edəcəklər.