MƏDƏNİYYƏT
Şəki və Zaqatala şəhərlərində “Uğur hekayəm” filminin təqdimatı keçirilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi (AAA) Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi ilə regionlarda “Uğur hekayəm...” layihəsini icra edir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində Şəki və Zaqatala şəhərlərində “Uğur hekayəm” filminin təqdimatı keçirilmişdir.
Film üç gəncin həyat hekayətindən bəhs edir. Azərbaycan Respublikasının müxtəlif regionlarından olan, xaricdə müxtəlif proqram məzunları olan bu üç gəncin uğur hekayəsi film boyu özünü büruzə verir.
Filmə baxışdan sonra tədbir iştirakçıları təqdim olunan ekran əsəri haqqında fikirlərini söyləmişlər.
Tədbirdə region gənclərinin uğur hekayəsinin formalaşmasında stereotiplərin qırılması və valideynlər tərəfindən övladlarının xaricdə təhsil almasına şansların yaradılması əsas müzakirə mövzusu olmuşdur. Həmçinin xaricdə təhsil almağın yolları və vacibliyi haqqında məlumat verilmişdir.
“Uğur hekayəm” filminin təqdimatları bundan əvvəl Lənkəranda və Masallıda keçirilmişdir. Növbəti nümayişlər isə Gəncə şəhəri və Qazax rayonunda olacaqdır.
Məqsəd gənclərin uğur hekayələrini dinləmək və onlarla müzakirələr aparmaqla region gəncləri arasında təhsilə maraq və uğurlu karyera qurmaq üçün stimul yaratmaqdır.
Layihənin yekunu olaraq Bakı şəhərində region gənclərinin film haqqında şərhləri geniş ictimaiyyətə təqdim ediləcəkdir.