REGİONLAR
Şəki yol polisi məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir
Şəki, 29 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi “Diqqət uşaqlar!” təhlükəsizlik aylığı ilə əlaqədar maarifləndirici tədbirləri davam etdirir. Növbəti tədbir Şəki şəhər 8 saylı tam orta məktəbdə keçirilib.
Yol Polisi Bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq açıq hava şəraitində keçirilən tədbirdə bölmənin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftaliyev əvvəlcə məktəbin ibtidai sinif şagirdləri ilə yol hərəkəti qaydalarına düzgün əməl edilməsinin vacibliyi barədə maarifləndirici söhbət aparıb, məktəblilərin qaydalarla bağlı sualları cavablandırılıb. Sonra məktəbin qarşısında yeni quraşdırılmış piyada işıqforunun önündə şagirdlərə əyani şəkildə piyada keçidindən istifadə qaydaları ətraflı izah olunub.
Belə maarifləndirici tədbirlərin rayonun digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.