REGİONLAR
Şəkidə I ixtisas qrupu üzrə qəbul imtahanları altı mərkəzdə aparılıb
Şəki, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 22-də Şəkidə keçirdiyi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 6 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 8, 12, 14, 17 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və həmin vaxt iştirakçının buraxılış vərəqəsində göstərilib.
Ümumilikdə, 1343 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 133 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 110 zal ayrılıb. Zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.
Bütün imtahan mərkəzlərində I ixtisas qrupu üzrə qəbul imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.