REGİONLAR
Şəkinin mədəniyyət işçiləri şəhid ailələrinə və qazilərə mənəvi dəstək olurlar
Şəki, 4 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Şəki rayon komitəsinin rəhbərliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailə üzvlərini, eləcə də müharibə qazilərini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günlərdə idarənin rəisi əvəzi Tərlan Nəsibov, MİHİ rayon komitəsinin sədri Rəhman Məmmədov və qurumun əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidləri Toğrul Nağıyev və Cavidan Məmmədlinin ailələrini ziyarət edib, şəhidlərin ailə üzvlərinə mənəvi dəstək olub, ərzaq yardımı göstəriblər.
Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanmasından, zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından söz açılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.