ELM VƏ TƏHSİL
Seminarda Çin və Azərbaycan arasında diplomatik əlaqələrin genişlənməsində Ümummilli Liderin rolundan söz açılıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyevin diplomatik irsi” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan tələbələr Çin və Azərbaycan arasında diplomatik əlaqələrin genişlənməsində Ümummilli Liderin rolundan, onun Çin nümayəndələri ilə rəsmi görüşlərindən, diplomatik və ictimai tədbirlərdə çıxışlarından söz açıblar.
Tədbirdə çıxış edənlər müdrik şəxsiyyət Heydər Əliyevin Çin Xalq Respublikasına tarixi səfəri ilə təməli qoyulan ikitərəfli əməkdaşlığın nailiyyətlərindən danışıblar.
Seminarda ADU-nun professoru Rafiq Abbasov tərəfindən hazırlanan, Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Ulu Öndərin roluna həsr olunan “Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 10-cu ildönümü” və “Azərbaycan Prezidenti Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri” kitabları təqdim olunub.