İQTİSADİYYAT
Senator Natali Qule: Azərbaycan həm iqtisadi, həm də energetika sahələrində Avropanın ən yaxın tərəfdaşlarındandır
Bakı, 15 mart (AZƏRTAC). Fransa Senatının Fransa-Qafqaz parlamentlərarası dostluq qrupunun vitse-prezidenti, xanım Natali Qule Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Parisdə keçirilmiş Avropa-Azərbaycan biznes forumunda çıxış etmişdir.
AZƏRTAC xəbər verir ki, belə tədbirlərin Fransada mütəmadi keçirilməsinin vacibliyini vurğulayan senator demişdir: “Belə tədbirləri ona görə təşkil etməliyik ki, münasibətlərimiz daha da inkişaf etsin. Hesab edirəm ki, bu gün Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycanın Fransadakı səfiri bu istiqamətdə çox böyük işlər görürlər. Belə tədbirləri keçirməklə Azərbaycan və onun gözəlliyi, ölkədəki biznes üçün əlverişli şərait tezliklə daha geniş tanınacaqdır. Mən Azərbaycanı, Bakını çox yaxşı tanıyıram və bizim ölkələr arasındakı əlaqələri möhkəmləndirən bütün şirkətləri, iş adamlarını dəstəkləyirəm. Hesab edirəm ki, biz düzgün yoldayıq və tezliklə daha ciddi irəliləyişlərə nail olacağıq”.
N.Qule vurğulamışdır ki, Azərbaycan bu gün həm iqtisadi, həm də energetika sahələrində Avropanın, o cümlədən Fransanın ən yaxın tərəfdaşlarındandır. Bugünkü tədbirdə də Azərbaycanın strateji, iqtisadi, energetika sahələrində nə qədər böyük əhəmiyyət daşıdığını hamınız başa düşürsünüz. Azərbaycan çox qonaqpərvər və açıq ölkədir.
Azərbaycanda nümunəvi tolerantlıq mühitinin olduğunu qeyd edən senator bildirmişdir ki, Ermənistan ilə müharibə şəraitində olmasına baxmayaraq Azərbaycanın paytaxtı Bakıda hələ də erməni kilsəsi vardır. Bundan başqa, ölkədə bir çox yəhudi icmaları da mövcuddur. Azərbaycanda qadınlara səsvermə hüququ Fransadan da əvvəl - 1918-ci ildə verilmişdir. Mən sizin hamınızı Azərbaycana getməyə, bu ölkənin ecazkarlığını gözlərinizlə görməyə dəvət edirəm və biz - deputatlar sizə bu işdə yardım etməyə həmişə hazırıq.