İQTİSADİYYAT
Sentyabr ayında Bakıda mühasiblərin və auditorların IV Avrasiya forumu keçiriləcəkdir
Bakı, 25 avqust (AZƏRTAC). Azərbaycan İqtisadçılar İttifaqı, Auditorlar Palatası və Professional Maliyyə Menecerləri Assosiasiyası sentyabrın 26-dan 28-dək Bakıda Mühasiblərin və auditorların “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda IV Avrasiya forumunu keçirməyi planlaşdırır.
Auditorlar Palatasından AZƏRTAC-a bildirmişlər ki, forumun əsas məqsədi şəffaflığın artırılmasında daxili nəzarətin rolu və risklərin idarə olunmasının əhəmiyyəti sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etməkdir. Eyni zamanda, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, daxili nəzarətə dair qanunların icra mexanizmlərini təkmilləşdirməklə bağlı konkret əməli təkliflər irəli sürmək, bu sahədə beynəlxalq standartların tətbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdə forumun müzakirə ediləcəyi məsələlər sırasındadır.