SİYASƏT
Serbiya ilə Bosniya və Herseqovina mediası XI Qlobal Bakı Forumuna geniş yer ayırıb
![Serbiya ilə Bosniya və Herseqovina mediası XI Qlobal Bakı Forumuna geniş yer ayırıb](/files/2024/1/1200x630/1710501271896222808_1200x630.jpg)
Belqrad, 15 mart, AZƏRTAC
“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunu Serbiya ilə Bosniya və Herseqovina mediasının da diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Serbiyanın “Tanjug”, “Blic”, “SRNA”, “Novosti”, “24 Sedam”, “Euronews Serbia” kimi informasiya agentliklərində və xəbər portallarında yayılan materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışından sitatlara yer verilib.
Dövlətimizin başçısının fikirlərinə istinadla qeyd edilib ki, indi Azərbaycan Ermənistanla heç vaxt olmadığı qədər sülhə yaxındır.
Prezident İlham Əliyevin “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır” və “İndi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib” fikirlərinə xüsusi diqqət çəkilib.
Bosniya və Herseqovina mətbuatı da XI Qlobal Bakı Forumuna geniş yer ayırıb. Bu ölkənin “Fena”, “Federalna”, “Hayat”, “Avaz” və “B 92” kimi informasiya agentliklərinin yaydığı xəbərlərdə Azərbaycan Prezidentinin “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb” fikirlərinə yer verilib. Həmçinin Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğu vurğulanıb.
Yazılarda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçin Forumda iştirak etdiyi və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü qeyd olunub.
Forumda bir çox ölkə rəsmilərinin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, 70-dən çox ölkədən 350-dən artıq qonağın iştirak etdiyi bildirilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad