MƏDƏNİYYƏT
“Şərq təranələri” festivalında iştirak edən Azərbaycan musiqiçiləri Özbəkistan mətbuatının diqqət mərkəzindədir
Səmərqənd, 30 avqust (AZƏRTAC). “Şərq təranələri” IX Beynəlxalq musiqi festivalında iştirak edən Azərbaycan musiqiçiləri Özbəkistan mətbuatının diqqət mərkəzindədir.
Özbəkistanın Milli İnformasiya Agentliyində (UZA), gazeta.uz internet portalında və digər KİV-lərdə Azərbaycan musiqiçilərinin uğurları haqqında materiallar yer almışdır.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə “Şərq təranələri” IX Beynəlxalq musiqi festivalı və Azərbaycan musiqiçilərinin uğurları haqqında Özbəkistanın televiziya kanallarına müsahibələr vermişlər.
Lalə Hüseynova UZA Agentliyinə müsahibəsində demişdir: “Özbəkistan Prezidenti İslam Kərimov “Şərq təranələri” IX Beynəlxalq musiqi festivalının açılış mərasimindəki çıxışında bu forumun dünyada sülhün və millətlərarası sabitliyin möhkəmlənməsindəki rolundan danışmış, festivalın dünyada artan nüfuzundan söhbət açmışdır”.
Lalə Hüseynova müsahibəsində qeyd etmişdir ki, dünyanın müxtəlif ölkələrindən gəlmiş musiqiçilərin möhtəşəm Reqistan meydanında öz xalqlarının mahnı və rəqslərini nümayiş etdirmələri onlar üçün böyük fəxrdir. Əsrarəngiz Reqistan meydanının təkrarsız ab-havası, gözəl tərtibatı, aurası festival iştirakçılarına ruh və güc verir, onları qələbəyə səsləyir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan ifaçıları bu festivala böyük maraq göstərirlər. Builki ifaçımız, xanəndə Elnarə Abdullayevanın böyük özbək şairi Əlişir Nəvainin qəzəlləri üstündə oxuduğu muğam parçaları tamaşaçıları valeh etmişdir.
Lalə Hüseynova müsahibəsinin sonunda demişdir: “Şərq təranələri” Beynəlxalq musiqi festivalı kimi incəsənət forumları xalqlarımız arasında çoxəsrlik qardaşlıq tellərinin daha da möhkəmlənməsinə öz töhfəsini verir”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd