ELM VƏ TƏHSİL
Şərqşünaslarımız AMEA-nın inkişafına böyük töhfələr veriblər
![](/files/galleryphoto/2015/3/1200x630/1447864194358628992_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/14478641941155756903_1200x630.jpg)
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda akademiyanın yaradılmasının 70 illiyinə həsr olunan elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ölkəmizdə AMEA-nın 70 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyini xatırladıb.
G.Baxşəliyeva Azərbaycan elminin 70 ildə AMEA-da mərkəzləşdirilmiş, sistemləşdirilmiş şəkildə böyük inkişaf yolu keçdiyini, alimlərimizin dünya elminə böyük töhfələr verdiyini söyləyib. O, şərqşünaslıq elminin də bu dövrdə böyük inkişaf yolu keçərək dünya səviyyəsinə çıxdığını qeyd edib. İnstitutun direktoru Prezident İlham Əliyevin AMEA-ya daim diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb, dövlətimizin başçısının AMEA-nın yubiley tədbirində alimlər qarşısında irəli sürdüyü elmi prioritetləri xatırladıb.
Sonra filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədovun “Elm tariximizdə Azərbaycan Milli Elmlər Akademiyası” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə AMEA-nın 70 illik şərəfli tarixinə nəzər salınıb, əldə olunan nailiyyətlərdən bəhs edilib. V.Məmmədov ölkəmizdə şərqşünas alimlərin elmimizin inkişafına verdiyi töhfələrdən, Azərbaycan şərqşünaslıq elminin beynəlxalq uğurlarından söz açıb.
Digər çıxış edənlər də AMEA-nın və Azərbaycan elminin inkişafında şərqşünas alimlərin xidmətlərini xüsusi vurğulayıblar.