MƏDƏNİYYƏT
Seulda BMT-nin Ümumdünya Turizm Təşkilatının İpək Yolu üzrə işçi qrupunun V iclası öz işinə başlayıb
Bakı, 23 aprel, AZƏRTAC
Koreya Respublikasının paytaxtı Seulda BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İpək Yolu üzrə işçi qrupunun V iclası öz işinə başlayıb. BMÜTT-nin və Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə İpək Yolu layihəsinə üzv 18 ölkənin nümayəndəsi qatılıb.
Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir BMÜTT-nin baş katibi Taleb Rifainin videomesaj nitqi ilə açılıb. Daha sonra BMÜTT-nin texniki əməkdaşlıq və xidmətlər üzrə icraçı direktoru Şanzonq Ju, İpək Yolu üzrə Proqram direktoru Alla Peresolova və Koreya Respublikası mədəniyyət, idman və turizm nazirinin müavini Çonq Kim çıxış edərək İpək Yolu üzərində turizmin əhəmiyyətindən və potensialından söz açıblar.
Tədbir çərçivəsində İpək Yolu üzərində beynəlxalq turizmin təkmilləşdirilməsi strategiyaları, birgə marketinq siyasəti və turizm məhsullarının yaradılması məqsədilə mədəni əlaqələrin gücləndirilməsi və bir sıra digər mühüm məsələlərin müzakirəsi planlaşdırılır.