İQTİSADİYYAT
“Şimal axını” üzrə qazın nəqli müvəqqəti olaraq dayandırılmışdır
Bakı, 7 dekabr (AZƏRTAC). “Şimal axını” qaz kəmərinin layihə gücünə çatdırılması mərhələsində onun sazlanması üçün lazım olan avadanlığa texniki xidmətlə əlaqədar bu qaz kəməri üzrə qazın nəqli müvəqqəti olaraq dayandırılmışdır. AZƏRTAC Rusiyanın kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, qazın nəqlini yaxın vaxtlarda bərpa etmək planlaşdırılır.
Xatırladırıq ki, 2011-ci il noyabrın 8-də “Şimal axını” (“Nord Stream”) layihəsinin iştirakçısı olan ölkələr – Rusiya, Almaniya, Hollandiya və Fransa “Nord Stream” qaz kəmərinin birinci qolunu işə salmışdılar. Qaz kəməri saatda 1 milyon kubmetr qaz nəqli ilə işə başlamışdı ki, bu da ildə 8,5 milyard kubmetr qaz nəqlini təmin etməyə imkan verəcəkdir. 2012-ci ildə “Şimal axını”nın ikinci qolu işə salındıqdan sonra qaz kəmərinin iki qolu ildə Avropaya 55 milyard kubmetr Rusiya qazı nəql edəcəkdir.
Qeyd edək ki, “Şimal axını” - Rusiya qazının Avropaya ixracının Baltik dənizi akvatoriyasından keçərək Liman buxtasından (Vıborq rayonu) Almaniya sahillərinədək (Qrayfsvald rayonu) uzanan prinsipcə yeni marşrutudur. Qaz kəmərinin uzunluğu təqribən 1,2 min kilometrdir. Tikintiyə yönəldilən investisiyaların ümumi həcmi 8,8 milyard avro təşkil edir. Layihənin səhmdarları sırasına Qazsənaye (51 faiz), Almaniyanın E.ON Ruhrgas (15,5 faiz) və Wintershall AG (15,5 faiz), Hollandiyanın N.V. Nederlandse Gasunie (9 faiz), Fransanın GDF Suez (9 faiz) şirkətləri daxildirlər.