CƏMİYYƏT
Şimal bölgəsindən olan xanımlar üçün sosial sahibkarlıq təlimləri başa çatıb
Bakı, 24 dekabr, AZƏRTAC
Təhsil sahəsində ixtisaslaşan “Education HUB” təşkilatı noyabr-dekabr aylarında Quba “ASAN xidmət” mərkəzində reallaşdırdığı sosial sahibkarlıq təlimlərini uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə qadınlar arasında sosial sahibkarlığın təşviqi məqsədi daşıyan “Öyrən, başla və tətbiq et!” adlı proqram Quba, Qusar, Xaçmaz və Şabrandan olan 18-29 yaşlı 26 qadını əhatə edib. Proqram çərçivəsində qalib komandalara üç ay müddətinə peşəkar mentorlar tərəfindən fərdi və onlayn məsləhətlər veriləcək, onların sosial biznes layihələrinə dəstək göstəriləcək. Layihənin yekununda qadınlardan ibarət qrupun Bakıya və Tbilisiyə mübadilə səfərləri təşkil olunacaq. Eləcə də gələn ilin aprelində keçiriləcək Sosial Sahibkarlıq Forumunda onlara iştirak imkanı yaradılacaq.
Qeyd edək ki, proqram “ASAN xidmət”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin texniki tərəfdaşlığı ilə icra olunub.