İQTİSADİYYAT
“SOCAR Energy Georgia” ötən il Gürcüstanda 21,8 milyon dollarlıq investisiya yatırımı həyata keçirib
Bakı, 6 avqust, Nihad Budaqov, AZƏRTAC
SOCAR–ın Gürcüstandakı törəmə şirkəti “SOCAR Energy Georgia” tərəfindən ötən il Gürcüstanda 21,8 milyon ABŞ dolları məbləğində investisiya yatırımı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir.
Qeyd edək ki, “SOCAR Energy Georgia” 2006–cı ildə yaradılıb. Şirkətin əsas fəaliyyət sahəsinə neft məhsullarının Gürcüstanda topdan və pərakəndə satışı, “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin, neft terminalları və anbarların tikintisi, eləcə də yeni qaz kəmərinin çəkilməsi və mövcud qaz kəmərlərinin reabilitasiyası daxildir. “SOCAR Energy Georgia” Gürcüstanda fəaliyyət göstərən şirkətlərin biznes reytinqinin ilk onluğunda yer alıb. Şirkət ən böyük vergi ödəyicisi, ən böyük iş yerlərinin təminatçısı, yüksək keyfiyyət standartı və effektiv menecment nominasiyalarında qalib gəlib.