İQTİSADİYYAT
SOCAR-ın dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində tələbələr üçün təşkil olunan təlimlər başa çatıb
Bakı, 14 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan I kurs tələbələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim, tədris və sertifikatlaşdırma idarəsinin dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təşkil olunan “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursunda iştirak ediblər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimlərdə tələbələrə istehsalatda baş verə biləcək qəza və fövqəladə hallar zamanı təhlükəsizlik texnikası qaydaları, dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, helikopter, qayıq və sallardan istifadə zamanı təhlükəsizlik qaydaları, eləcə də ilkin tibbi yardım göstərilməsi haqqında biliklər verilib.
Bakı Ali Neft Məktəbi ilə təlim, tədris və sertifikatlaşdırma idarəsi arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində reallaşdırılan təlimlər beynəlxalq standartlara uyğun və Azərbaycanın qoşulduğu konvensiyaların tələbləri çərçivəsində həyata keçirilib. Dörd qrup üzrə 123 tələbənin iştirak etdiyi təlimlərin yekununda onlara Beynəlxalq Dəniz Təşkilatının sertifikatları təqdim olunub. Bu sertifikatlar bütün dünyada qəbul edilir və gələcək məzunların karyera həyatında vacib rol oynayacaq.