İQTİSADİYYAT
SOCAR Ukraynadakı yanacaqdoldurma stansiyalarında yeni art-layihəyə start verib
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü ilə həyata keçirilən sosial-mədəni tədbirlər çərçivəsində Ukraynada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma stansiyalarında “public art” layihəsinə, yəni sənət əsərlərinin muzeydə deyil, insanların gündəlik toplaşdığı ictimai yerlərdə sərgilənməsinə start verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi müxtəlif mədəniyyətlərin və ənənələrin birləşməsində incəsənətin rolunu göstərməkdən ibarətdir. Ukrayna rəssamları yanacaqdoldurma məntəqələrini Şərq və Avropa mədəniyyətlərini özündə birləşdirən illüstrasiyalarla bəzəyiblər. Kiyev-Jitomir yolunda yerləşən yanacaqdoldurma məntəqəsində Ukrayna ornamentlərinin üstünlük təşkil etdiyi etno-qraffiti nümunələri nümayiş olunur.
Etnoqraf Qalina Samçukun rəhbərliyi ilə həyata keçirilən layihədə rəssamlar, etnoqraflar, folklor ustaları, Ukrayna Təsviri Sənət və Memarlıq Akademiyasının tələbələri iştirak ediblər. Yanacaqdoldurma məntəqəsinin konstruksiyasına Ukrayna ornamentlərini həkk etmək üçün müəlliflər dörd gün işləyiblər. Onlar 230 balon rəng və 220 markerdən istifadə ediblər.