SİYASƏT
Son təxribatlar bir daha sübut edir ki, bölgədə sülhə və əmin-amanlığa ən böyük maneə Ermənistandır
İstanbul, 7 oktyabr, AZƏRTAC
Türkiyənin Kocaeli vilayətinin Gölcük Bələdiyyəsi oktyabr toplantısında son günlər davam edən erməni təxribatları ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Gölcük Bələdiyyəsində qeydiyyatda olan bütün siyasi partiya təmsilçilərinin imzaladığı bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 27-dən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və digər bölgələrində atəşkəsin pozulmasını, həmçinin ağır silahlardan istifadə edilməklə Azərbaycanın yaşayış məntəqələrinin və hərbi birləşmələrinin hədəfə alınmasını şiddətlə qınayırıq. Son təxribatlar bir daha sübut edir ki, bölgədə sülhə və əmin-amanlığa ən böyük maneə Ermənistandır. Biz beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququ çərçivəsində xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycanı bu haqlı mübarizəsində tam dəstəkləyirik. Otuz ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq bu haqsız işğala son qoyulmasını tələb edirik. Beynəlxalq ictimaiyyəti bu günə qədər Ermənistanın işğalı və hücumlarına məruz qalan Azərbaycanın yanında olmağa dəvət edirik.
Gölcük Bələdiyyəsi Məclisinin siyasi partiya üzvləri kimi baş verən bu hadisələr zamanı şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, qazilərimizin isə tezliklə sağalmalarını diləyir, millətimizin həmrəylik iradəsini bir daha vurğulayırıq”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul