DÜNYA
Srebrenitsa soyqırımı qurbanlarının xatirəsi yad edilib
Sarayevo, 11 iyul, AZƏRTAC
İyulun 11-də Bosniya və Herseqovinada Srebrenitsa soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Rəyasət Heyətinin xorvat əsilli üzvü Zeljko Komsic, Monteneqronun Baş naziri Dritan Abazoviç, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş və müxtəlif ölkələrdən qonaqlar iştirak ediblər.
Çıxış edənlər 27 il keçməsinə baxmayaraq, hələ də yüzlərlə faciə qurbanının cəsədlərinin tapılmadığını, beynəlxalq ictimaiyyətin soyqırımına layiqli qiymət verməsinin vacibliyini qeyd ediblər.
Tədbirə videokonfrans formatında qoşulan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel faciə qurbanlarının yaxınlarının kədərini paylaşdığını, ədalət uğrunda illər boyunca mübarizə aparan “Srebrenitsa anaları”nın hər kəsə nümunə olduğunu vurğulayıb.
İyulun 11-də, həmçinin Srebrenitsa soyqırımının daha 50 qurbanı dəfn edilib. Bu gün dəfn olunanlar arasında ən gənc faciə qurbanının yaşı 16, ən yaşlısının isə 59 yaşı olub. Bununla da Potoçari Memorial Qəbiristanlığında dəfn edilən faciə qurbanlarının sayı 6721-ə çatıb.
Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serb millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo