REGİONLAR
STEAM və Robotexnika təlimlərini uğurla başa vuran müəllimlərə sertifikatlar verilib
Naxçıvan, 20 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən martın 1-dən aprelin 18-dək təşkil olunan STEAM və Robotexnika təhsili üzrə təlimləri uğurla başa vuran müəllimlərə sertifikatlar verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi metodikası və robotexnika üzrə keçirilən təlimlərdə STEAM layihəsi tətbiq olunan ümumtəhsil məktəblərinin 55 müəllimi iştirak edib.
Təlimlərin yekununa həsr olunmuş tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, hərtərəfli dövlət qayğısı nəticəsində Təhsil Nazirliyi tərəfindən uğurla tətbiq edilən STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq olunan təhsil yeniliklərinin muxtar respublikada tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılıb, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilib. Sərəncamın icrası ilə bağlı 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, “STEAM təhsil festivalı”nın keçirilməsi ilə bağlı hazırlıq aparılır.
Rəhman Məmmədov diqqətə çatdırıb ki, keçirilən təlimlərin əsas məqsədi STEAM dərslərini tədris edəcək müəllimləri müvafiq istiqamətdə peşəkar inkişafa sövq etmək, onların innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsindən ibarətdir. Təlimlər çərçivəsində müəllimlərə layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və digər bu kimi istiqamətlərdə praktik biliklər verilir. Həmçinin müəllimlər STEAM dərslərində tətbiq olunan müasir avadanlıqlardan istifadə edərək müxtəlif tapşırıqlar yerinə yetirir, yeni cihazların iş prinsipi və müxtəlif layihələrdə tətbiqi üsullarını öyrənirlər. Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 220-si bu mərkəzdə, 150-si isə onlayn qaydada olmaqla, 369 müəllim təlimlərdən yararlanıb, onlarda STEAM dərsləri tədris etmək bacarığı formalaşıb. Təhsil naziri təlimləri uğurla başa vuran müəllimləri təbrik edib, belə təlimlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonda STEAM təhsil metodu üzrə təşkil olunan təlimi uğurla başa vuran müəllimlərə Təhsil Nazirliyinin STEAM dərslərini aparmağa icazə hüququ verən sertifikatları təqdim olunub. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “SAF 2021” festivalında iştirak etmiş və Azərbaycan üzrə 3-cü yerin qalibi olmuş müəllim və şagirdlərə sertifikatlar verilib.