SİYASƏT
Strateji Araşdırmalar Mərkəzində yeni kitabın müzakirəsi keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Beyond The Resource Curse” (“Resurs lənətindən uzaq”) kitabının müzakirəsi keçirilmişdir.
Kitab ABŞ-ın Pensilvaniya Universitetinin nəşriyyatı tərəfindən ingilis dilində çap olunmuşdur. Nəşrin redaktorları Azərbaycan Diplomatik Akademiyasının (ADA) mühazirəçiləri Brenda Şafer və Taleh Ziyadovdur. Brenda Şafer, həmçinin Hayfa Universitetinin Siyasi Biliklər Məktəbinin müəllimidir.
AZƏRTAC xəbər verir ki, kitabda təbii sərvətlər və iqtisadi təhlükəsizlik arasındakı münasibətlər, neft və qaz ixrac edən ölkələrin üzləşdikləri problemlər və onların həlli mexanizmləri nəzərdən keçirilir. Nəşrdə yer almış məqalələrin müəllifləri Azərbaycan, Bəhreyn, İran, Norveç, Rusiya, Venesuela və digər ölkələrdə enerji və iqtisadi məsələləri təhlil etmişlər.
Tədbirdə çıxış edən SAM-ın direktor müavini Gülşən Paşayeva tədqiqatçıların işini yüksək qiymətləndirmiş, kitabın elmi əhəmiyyətini, orada qaldırılan məsələlərin aktuallığını vurğulamışdır.
İqtisadiyyatın inkişafında təbii sərvətlərin rolundan danışan Brenda Şafer qeyd etmişdir ki, zəngin keçmişə, etnomədəni rəngarəngliyə, xalqların və dinlərin birgəyaşayış ənənələrinə malik olan Azərbaycan təbii ehtiyatlardan düzgün istifadə etməklə böyük inkişaf yolu keçmişdir.
Müzakirələrdə, həmçinin ADA-nın professoru Elnur Soltanov, kitabın redaktoru Taleh Ziyadov və başqaları çıxış edərək zəngin təbii ehtiyatlara malik olan ölkələrin uğurunun əsasən bu imkanlardan düzgün istifadə etmələrindən və qeyri-neft sektorunun inkişafından asılı olduğunu vurğulamışlar.