DÜNYA
Su Quysian: İslam dininin terrorizm və ekstremizm ilə əlaqəsi yoxdur
Pekin, 24 dekabr, AZƏRTAC
İslam dininin terrorizm və ekstremizmlə əlaqəsi yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin Sincan Uyğur Muxtar Rayonu təbliğat departamentinin direktor müavini Su Quysian Pekində xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.
Sincan Uyğur Muxtar Rayonunda ötən illərdə törədilən terror aktlarından danışan Çin rəsmisi radikal qrupların milliyyətcə uyğur olan bəzi insanların dini inanclarından sui-istifadə edərək, onları terrorçuluğa və ekstremizmə sürüklədiklərini deyib.
Su Quysian Çində dini etiqad azadlığının təmin edildiyini, ölkədə minlərlə məscid, kilsə və məbədin olduğunu, din xadimlərinin fəaliyyət göstərdiyini bildirib. O, Sincan Uyğur Muxtar Rayonunda antiterror və de-ekstremizm fəaliyyəti çərçivəsində yaradılan peşə-təlim mərkəzləri ilə bağlı bəzi Qərb mətbuatında yayılan məlumatların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb. Bildirib ki, həmin mərkəzlərə cəlb edilənlərə müxtəlif dillər, hüquq tədris olunur, peşə bacarıqları artırılır.
Qeyd olunub ki, Çin muxtar rayonunun əhalisi üçün daha yaxşı və sabit sosial mühiti təmin etmək məqsədilə radikalizmin və terrorizmin aradan qaldırılmasına çalışır. Çində bir neçə il əvvəl terrorizm və radikalizmin təhdidləri çox ciddi olub, bəzi ekstremistlər və terroristlər radikal düşüncəyə əsaslanaraq terror hücumları həyata keçiriblər. Bu terror hücumları, əsasən, heç bir günahı olmayan mülki şəxslərə qarşı yönəlib, bir çox insanın ölümünə və yaralanmasına gətirib çıxarıb. Ekstremistlər öz radikal düşüncələrini yaymaq, yerli təhsilsiz gənclərin “beyinlərini yumaq” və hücumlara təşviq etmək üçün xüsusi metodlardan istifadə ediblər. Ekstremizmin və terrorizmin aradan qaldırılması həm təhsildən, həm də iqtisadi imkanlardan asılıdır. Savadlı gənclər radikal təfəkkürün təsirinə daha az məruz qalacaq, iqtisadi imkanlar gənclərə gələcək yaratmağa kömək edəcək.
Məlumat verilib ki, Çinin qərb qapısı olan muxtar rayon neft, təbii qaz və digər mineral ehtiyatlarla zəngindir. Çin ərazisinin təxminən altıdabirini təşkil edən muxtar rayon çoxmillətli və çoxdinli bölgədir. Çin mərkəzi hökuməti və yerli hökumət muxtar rayonun sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlər görür.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin