CƏMİYYƏT
Sumqayıt gənclərinin “Yay məktəbi” fəaliyyətə başlayıb
Sumqayıt, 7 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt gənclərinin “Yay məktəbi” fəaliyyətə başlayıb. Layihə Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşır. Bu günlərdə Şamaxı rayonunda təşkil edilən “Yay məktəbi”ndə ayrı-ayrı sahələri təmsil edən yaradıcı, istedadlı və ictimai fəal gənclər iştirak ediblər.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev AZƏRTAC–a bildirib ki, ümumilikdə 500 nəfər gəncin iştirak edəcəyi “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd gəncləri ölkəmizin ayrı-ayrı bölgələrinin tarixi və mədəniyyət abidələri ilə tanış etməkdən, onlara vətənpərvərlik hissinin aşılanması və asudə vaxtın səmərəli təşkilindən ibarətdir.
O qeyd edib ki, “Yay məktəbi” çərçivəsində gənclər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, eyni zamanda, Azərbaycanın ən qədim tarixi bölgələrindən olan Şamaxının tarixi və mədəniyyəti ilə də yaxından tanış olacaqlar.