İQTİSADİYYAT
“Sumqayıt Texnologiyalar Parkı" MMC Tbilisidə Beynəlxalq "Caucasus Build-2018" sərgisində iştirak edir
Tbilisi, 26 aprel, AZƏRTAC
“Sumqayıt Texnologiyalar Parkı” MMC Tbilisidə inşaat sektoruna həsr olunmuş 22-ci Beynəlxalq inşaat və dizayn "Caucasus Build 2018" sərgisində iştirak edir.
STP-dən AZƏRTAC-a bildirilib ki, Tbilisi Ekspo Mərkəzində aprelin 26-dan başlayan sərgi dörd gün davam edəcək. Tədbirdə 150-dən artıq özəl və dövlət şirkəti inşaat sektoru üçün istehsal etdiyi məhsulları nümayiş etdirir. Minlərlə ziyarətçinin qatılacağı gözlənilən "Caucasus Build-2018" sərgisində Sumqayıt Texnologiyalar Parkı “Made in Azerbaijan” brendi altında istehsal etdiyi inşaat materiallarını, o cümlədən müxtəlif çeşidli kabellər, kabel kanalları, plastik borular, fitinqlər, sendviç panellər, PVC, alüminium profillər, polikarbonat, armatur və digər məhsullarının nümunələrini nümayiş etdirəcək. Həmçinin şirkət təmsilçiləri sərgi zamanı ziyarətçiləri maraqlandıran sualları cavablandıracaq, onlara “Sumqayıt Texnologiyalar Parkı" MMC-nin istehsal prosesi, məhsulları haqqında geniş məlumat verəcək və müxtəlif təşviqat materialları paylayacaq.
Texnoparkın nümayəndə heyəti sərgi çərçivəsində inşaat sektorunda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi də aparacaq.
Qeyd edək ki, 2009-cu il dekabrın 22-də istismara verilən Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə edilib. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi