SİYASƏT
Sumqayıtda beynəlxalq əlillər günü qeyd edilmişdir
Sumqayıt, 3 dekabr (AZƏRTAC). Dekabrın 3-də Sumqayıtda Beynəlxalq Əlillər Gününü qeyd etmişlər. Bununla əlaqədar Şəhər İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir.
Hazırda Sumqayıtda əmək, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi, Çernobıl əlillərinin təqribən 20 ictimai təşkilatı, müxtəlif fiziki qüsurları olan insanları birləşdirən digər qurumlar fəaliyyət göstərir. Yüzdən çox müxtəlif dərəcəli əlil şəhər restoranlarının birində toplaşmışdır.
Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev qeyd etmişdir ki, məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi məsələləri prioritetə çevrilmişdir. A.Quliyev əlillərin sosial müdafiəsi sahəsində dövlətin gördüyü tədbirlərdən bəhs edərək demişdir ki, yalnız Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Sumqayıtda Qarabağ müharibəsi şəhidlərinin və əlillərinin ailələri üçün 8 yaşayış binası istifadəyə verilmişdir. Bir çoxlarına xüsusi “Oka” avtomobilləri verilmiş, təqribən min nəfər müxtəlif dərəcəli əlil Şəhər Sağlamlığın Bərpası və Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçmişdir. Müalicəyə ciddi ehtiyacı olanlar isə xarici ölkələrə göndərilmişlər, nadir tapılan protezlər və bir çox başqa ləvazimatlar alınmışdır. A.Quliyev demişdir ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam sosial inteqrasiyası üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirdiyini bir daha təsdiq edir.
Tədbirdə çıxış edənlər əlillərin ehtiyaclarına daimi diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, ölkə Prezidenti İlham Əliyevin - Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısının fəaliyyətini yüksək qiymətləndirmişlər.
Tədbirin iştirakçıları üçün nahar süfrəsi açılmış, bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə iştirak edənlər respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Şəhər Komitəsindən hədiyyələr almışlar.