İDMAN
Sumqayıtda “Live Your Goals” festivalı keçirilib
Sumqayıt, 2 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı “KapitalBank Arena”da AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, FİFA-nın bayrağı altında reallaşan festivala 8-15 yaş arası 83 qız iştirak edib.
FİFA-nın “Live Your Goals” təlimatçısı, keçmiş tanınmış qadın futbolçusu Hop Povell də tədbirin iştirakçıları arasında olub.
Əvvəlcə “Live Your Goals” ilə bağlı mətbuat konfransı təşkil olunub. Hop Povell və U-17 qızlar yığmasının üzvü Sanay Fətullayeva jurnalistlərin suallarını cavablandırıb, festivalla bağlı fikirlərini bildiriblər.
Daha sonra festivalın açılış mərasimi olub. Hop Povell, sumqayıtlı futbol veteranı Telman Salahov, şəhər gənclər və idman idarəsinin rəis müavini Mübariz Bəşirov, beynəlxalq dərəcəli hakim, “Sumqayıt” futbol klubunun Müşahidə Şurasının üzvü Abdulla Məmmədov çıxış edərək festival iştirakçılarına uğurlar arzulayıblar.
“Sumqayıt” futbol klubu adından Hop Povellə klubun 50 nömrəli forması təqdim olunub.
Tədbirdə “Face Art” və hədiyyəli yarışlar keçirilib. Top çiləmə yarışında fərqlənən uşaqlara hədiyyələr verilib, tamaşaçılar tanınmış azərbaycanlı futbolçuların imzalı şəkillərini əldə ediblər.
Sonda U-19 qızlar yığmasının baş məşqçisi Patrisia Qonzalez və Hop Povell festivalda iştirak edən qızlara sertifikatlar təqdim ediblər.
Layihənin məqsədi qadın futbolunun kütləviliyinin artırılması, qızların bu populyar idman növünə cəlb edilməsi, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın yüksəldilməsidir.