REGİONLAR
Sumqayıtda “Yayı kitabla keçirək” layihəsi davam edir
Sumqayıt, 25 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Star Academy Tədris mərkəzlərində “Yayı kitabla keçirək” layihəsi çərçivəsində Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında “Yeddi rəngli nağıl çələngim” adlı nağıl saatı keçirilib. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Uşaq Kitabxanası tərəfindən təşkil edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, məqsəd kiçikyaşlı uşaqları kitabxanaya cəlb etmək, uşaq yaşlarında onlara mütaliəni sevdirmək, asudə vaxtın daha maraqlı və məzmunlu təşkilidir.
Kitabxananın baş mütəxəssisi Leyla Mahmudova kiçikyaşlı oxuculara Azərbaycanda yaşayan azsaylı xalqlar, onların tarixi, adət-ənənəsi, yüksək mənəvi-əxlaqi dəyərlərini özündə əks etdirən folklor nümunələri haqqında məlumat veriblər. Sonra “Cəsur qoyun” rus xalq nağılı, “Komble” gürcü xalq nağılı, “Dağ və siçan” avar xalq nağılı, “Çınqıdı-çınqıdı bala sərçə” ləzgi xalq nağılı, “Sirli dolça” talış xalq nağılı, “Üç öyüd” tatar xalq nağılı, “Leviafan, tülkü, bir də balıqlar” yəhudi xalq nağılı səsləndirilib.
Uşaqların nağılların qəhrəmanları haqqında verilən sualları cavablandırılıb.