İQTİSADİYYAT
Tahir Budaqov: “İqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın xüsusi əhəmiyyəti var”
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun Ukraynanın Statistika, Uçot və Audit Milli Akademiyasının rektoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Osaulenko ilə görüşündə iki qurum arasında əməkdaşlıq perspektivləri, kadr hazırlığı və ixtisasartırma məsələləri müzakirə edilib. Görüşdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko da iştirak edib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verərək, Azərbaycan ilə Ukrayna arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən danışan Tahir Budaqov bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Ukrayna Statistika, Uçot və Audit Milli Akademiyasının rektoru Aleksandr Osaulenko səmimi görüşə görə məmnunluğunu bildirib. Rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat verən rektor qeyd edib ki, akademiya ali təhsil müəssisəsi olmaqla, eyni zamanda Ukrayna Dövlət Statistika Xidmətinin əməkdaşlarının ixtisaslarının artırılması və hazırlanması ilə məşğul olur. Dövlət Statistika Komitəsi ilə Statistika, Uçot və Audit Milli Akademiyası arasında həyata keçiriləcək proqramlar və əməkdaşlıq barədə danışan Aleksandr Osaulenko bu işin hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında məsələlər də müzakirə edilib.
Elə həmin gün Ukrayna Statistika, Uçot və Audit Milli Akademiyasının fəaliyyəti haqqında təqdimat mərasimi keçirilib, tədbirdə Aleksandr Osaulenko və Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov çıxış ediblər.
Qeyd olunub ki, 150 nəfərlik professor-müəllim heyətinə malik bu ali təhsil müəssisəsində 3500-dən çox tələbə təhsil alır. Rəsmi statistikanın Avropa standartlarına elmi-metodoloji cəhətdən keçidinin təmin edilməsi məqsədilə akademiyanın alimlərinin üzərinə fundamental və tətbiqi tədqiqatların aparılması vəzifələri qoyulub.
Akademiya, eyni zamanda Ukrayna dövlət statistika orqanları üçün kadrların hazırlanması və ixtisaslarının artırılmasını həyata keçirir. Akademiyanın 30 illik fəaliyyəti dövründə statistika, mühasibat uçotu, audit, maliyyə, bank işi, kredit, xarici iqtisadi fəaliyyət üzrə idarəetmə və iqtisadi kibernetika sahəsi üzrə mütəxəssislər hazırlanıb. Akademiyada aparıcı Avropa ölkələrinin tədris müəssisələrinin təcrübələri və müasir təlim texnologiyaları tətbiq edilir.