SİYASƏT
TANER YILDIZ: “CƏNUB AXINI” VƏ “NABUKKO” LAYİHƏLƏRİ BİR-BİRİNİ TAMAMLAYIR
Bakı, 10 avqust (AZƏRTAC). “Cənub axını” və “Nabukko” layihələri bir-birini qarşılıqlı surətdə tamamlayır, Türkiyənin strateji vəziyyətini isə möhkəmləndirir.
Bunu avqustun 10-da Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Ankarada mətbuat konfransında bildirmişdir.
Nazir demişdir: “Son vaxtlar “Cənub axını” və “Nabukko”nun bir-birinə alternativ olması barədə diskussiyalar gedir, lakin Avropanın artan tələbatını və təbii qaz idxalından asılı olduğunu nəzərə alaraq, bu layihələri orta və uzunmüddətli layihələr kimi qiymətləndirmək lazımdır”. T.Yıldızın fikrincə, “Avropa İttifaqı ölkələri Aİ-nin üzvü olmağa çalışan Türkiyə ilə bağlı meyarlarını mütləq yenidən nəzərdən keçirəcəklər”.
Energetika sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığına toxunan Yıldız Taner bildirmişdir ki, “Şahdəniz” və “Şahdəniz-2” yataqlarından çıxarılacaq qazın alınması ilə bağlı danışıqlar müsbət məcrada davam edir. Hazırda söhbət ildə 8 milyard kubmetr qaz almaqdan gedir. Nazir demişdir: “Müqavilələrin uzadılması və “Şahdəniz” yatağından hasil edilən qazın dəyərinin tənzimlənməsi ilə bağlı ciddi problemlər yaranacağını sanmıram”. Onun sözlərinə görə, indiki halda “Şahdəniz-2” yatağından qaz alınması perspektivləri ilə bağlı razılaşma əldə etmək də mümkündür.
Türkiyənin Rusiya qazından çox asılı olduğunu qeyd edən nazir vurğulamışdır ki, respublika yanacaq idxalının şaxələndirilməsi yolları haqqında bütün təkliflərə diqqətlə yanaşır. Belə layihələrdə iştirak və ixracçılarla sazişlər imzalamaq qərarı isə konkret təkliflərin texniki-iqtisadi əsaslandırılmasından asılıdır.
T.Yıldız bildirmişdir ki, yaxın günlərdə Suriyaya nəzərdə tutulmuş səfəri çərçivəsində Misirdən Türkiyə ərazisinə çəkiləcək “Ərəb qaz kəməri” ilə bağlı saziş imzalanacaqdır. Türkiyə öz ərazisindən keçəcək kəmərin tikintisini 18 ay ərzində başa çatdırmaq niyyətindədir.