MƏDƏNİYYƏT
Tanınmış fotoqrafın “Ələkbər Ağasıyev-Amsterdam” sərgisi
Bakı, 24 iyun, Flora Şükürova, AZƏRTAC
İyunun 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Əməkdar Mədəniyyət İşçisi, tanınmış fotoqraf Ələkbər Ağasıyevin fotolarından ibarət “Ələkbər Ağasıyev-Amsterdam” adlı fərdi foto-sərgi təşkil olunub. Ələkbər Ağasiyev öz sənəti ilə Azərbaycan fotoqrafiya sənətinin inkişafına böyük töhfələr verib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Niderland Krallığının Azərbaycandakı səfiri Robert Jan Qabrielsen sərgi haqqında təəssüratlarını bölüşüb. Sərgidə nümayiş olunan fotoların əsrarəngizliyinə toxunan diplomat Ə.Ağasıyevin peşəsinə olan sonsuz sevgisinin çəkdiyi fotolardan hiss olunduğunu söyləyib. Sərginin əhəmiyyətini xüsusi qeyd edən diplomat belə tədbirlilərin təşkil olunmasının, həm də hər iki ölkə arasında dostluq əlaqələrinin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev sərgini yüksək dəyərləndirib. Bildirilib ki, Ə.Ağasıyev sərgidə tamaşaçıları 1987-ci ildə çəkdiyi ecazkar fotoları ilə Avropanın şimalında yerləşən, nağılvarı şəhər olan Amsterdama səyahət etdirə bilib. Qeyd olunub ki, fotoqraf şəhər sakinlərinin gündəlik həyatını, mədəniyyətini, tarixi və müasir tikililərini fotolarda əbədiləşdirərək tamaşaçıların ixtiyarına verib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Vurğulanıb ki, fotoqraf sərgidəki əsərlərində Azərbaycandan Avropayadək bir çox şəhərlərin göz oxşayan görüntülərini əsərlərində əbədiləşdirərək sərgi iştirakçılarını dünya ölkələrinin mədəniyyəti ilə tanış edə bilib.
Sərgi maraqla qarşılanıb.