İDMAN
Tbilisidə Nona Qaprindaşvili Kuboku yarışları davam edir
AZƏRTAC xəbər verir ki, əsas “A” open-turnirində 65 oyunçu iştirak edir. Onların arasında 13 qrossmeyster vardır.
Sentyabrın 17-dək davam edəcək yarışlarda 8 ölkədən - Azərbaycan, Gürcüstan, Braziliya, Qazaxıstan, Ukrayna, Rusiya, İran və Ermənistandan 265 nəfərdən çox şahmatçı iştirak edir.
İsveçrə sistemi üzrə 9 turda keçirilən beynəlxalq turnirdə Azərbaycanı Müşfiq Əsgərov (2260) və Vüsal Abbasov (2102) təmsil edirlər. İki turdan sonra “A” turnirində hərəsi iki xal toplayan doqquz oyunçu irəlidə gedir. Azərbaycan şahmatçısı Müşfiq Əsgərovun aktivində 1 xal var, Vüsal Abbasov isə hər iki görüşdə uduzub. Püşkatmanın nəticələrinə görə üçüncü turda şahmatçılarımız Gürcüstan nümayəndələri ilə qarşılaşacaqlar. Müşfiq Əsgərovun rəqibi Aleksandr Ebralidze, Vüsal Abbasovun rəqibi isə Sopiko Tereladze olacaq.
Xatırladırıq ki, Nona Qaprindaşvili beşqat dünya çempionu (1962, 1965, 1969, 1972 və 1975-ci illər), 11 dəfə dünya şahmat olimpiadalarının qalibi, Oskar mükafatına layiq görülmüş ilk qadın şahmatçı, XX əsrdə Gürcüstanın ən yaxşı idmançısıdır. İctimai sahədə və idman sahəsində fəal iş aparır.