MƏDƏNİYYƏT
Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində uşaqların əl işlərindən ibarət sərgi açılıb
Tbilisi, 24 dekabr, AZƏRTAC
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Tədris kursları və xalça toxuma ənənəsinin qorunub saxlanılması” layihəsinin başa çatması ilə əlaqədar sərgi açılıb.
Sərgidə muzeyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Mərkəzində xalça toxuma, rəsm kurslarını bitirən uşaqların əl işləri nümayiş etdirilib. Eyni zamanda, musiqi qruplarını bitirən uşaqlar ifaçılıq məharətlərini nümayiş etdiriblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva AZƏRTAC-a bildirib ki, layihənin məqsədi Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ etməklə yanaşı, gələcək nəsillərə çatdırmaqdır. Burada xalça toxuma sənətini, rəsm çəkməyi və saz alətində ifa etməyi öyrənən uşaqlar həm də bu sənət nümunələrinin daşıyıcılarıdırlar.
Onun sözlərinə görə, muzeyin nəzdindəki Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 30-dan çox azyaşlı müxtəlif sənət növlərini mənimsəyib.
L.Əliyeva bu cür layihələrin davamlı olacağını və kurslara daha çox uşağın cəlb ediləcəyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi