ELM VƏ TƏHSİL
“Tədqiqatını işıqlandır” müsabiqəsi keçirilir
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “EaP Connect” layihəsi çərçivəsində “Tədqiqatını işıqlandır” adlı müsabiqə keçirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə yüksəksürətli internet şəbəkəsinə çıxış, hesablama və yaddaş resursları tələb edən elmi-tədqiqat işləri qəbul olunur. Tədqiqatçılar bu müsabiqəyə qoşulmaqla Avropanın superkompüterlərindən və qabaqcıl şəbəkə texnologiyalarından ödənişsiz şəkildə yararlana biləcəklər. Elmin bütün sahələrinə açıq olan müsabiqənin qaliblərinə tədqiqat prosesində yaranan hesablama resursları, yaddaş, şəbəkə texnologiyaları ilə bağlı dəstək veriləcək.
Qalib gələn tədqiqatçılar bir il müddətində yüksəksürətli internet şəbəkəsi, hesablama və yaddaş resurslarından istifadə etmək hüququ qazanacaqlar. Həmçinin qalib layihələr 2017-ci il sentyabrın 27-28-də Belarusun paytaxtı Minskdə keçiriləcək “Şərq Tərəfdaşlığı E-İnfrastruktur Konfransı”nda (EAPEC 2017) iştirak edəcək və mükafatlandırılacaq.