ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 31 yanvar, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “KULANE” MMC arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində əməkdaşlıq müqaviləsi imzalanıb.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq çərçivəsində bir sıra peşə ixtisasları üzrə praktiki imtahanlar müəssisənin istehsalat bazasında təşkil olunacaq. Müvafiq imtahanlar zamanı “KULANE” MMC tərəfindən istehsalat sahəsinin ayrılacaq, həmçinin zəruri alət, material və avadanlıqlar təmin ediləcək.
Müəssisənin müvafiq ixtisaslar üzrə fəaliyyət göstərən beynəlxalq sertifikatlı peşəkar mütəxəssislərinin də imtahan prosesinə ekspert qismində cəlb olunması nəzərdə tutulur.
İkitərəfli əməkdaşlıq nəticəsində TKTA tərəfindən keçirilən praktiki imtahanlar zamanı “KULANE” MMC prosesə texniki dəstək göstərməklə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşların təhsil sənədi əldə etməsinə, ümumilikdə cəmiyyətin bu prosesdən faydalanmasına dəstək olacaq.