ELM VƏ TƏHSİL
Tələbələr arasında intellekt olimpiadasının birinci turu yekunlaşıb
Bakı, 13 may, AZƏRTAC
Tələbələr arasında intellekt olimpiadasının birinci turuna yekun vurulub. Layihə LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə reallaşdırılır.
Layihənin icraçı rəhbəri Xəyal İbrahimzadə AZƏRTAC-a bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 illiyinə həsr edilmiş olimpiadanın birinci turunda Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Avrasiya Universitetinin tələbələri biliklərini yoxlayıblar.
Layihənin reqlamentinə əsasən ilk turda tələbələr fərdi şəkildə yarışaraq, 100 dəqiqə ərzində IQ, məntiq və dünyagörüşünə aid 50 sualı cavablandırıblar. Birinci turda 23 universitetdən 10 min 253 nəfər tələbə iştirak edib.
BDU-nun tələbəsi Əlirza Məmmədov gözlərinin görməməsinə baxmayaraq turnirə qatılıb. Olimpiadanın könüllüsü Elmira Ləzgiyevanın köməyi ilə iştirakçı 50 sualı cavablandırıb.
İntellekt olimpiadasının cavabları bir həftə ərzində məlum olacaq.
Qeyd edək ki, final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100 faiz endirim qazanacaq. Təxminən 100-dək tələbə mükafatlandırılacaq.