MƏDƏNİYYƏT
“Teleskop və ya yuxuda və həqiqətdə uçuşlar” tamaşasının premyerası böyük maraqla qarşılanmışdır
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq Yazıçısı Elçinin “Teleskop” tragikomediyası əsasında hazırlanmış “Teleskop və ya yuxuda və həqiqətdə uçuşlar” tamaşasının premyerası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tamaşanın premyerasında dövlət və hökumət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, media mənsubları və teatrsevərlər iştirak etmişlər.
Tamaşanın təqdimatından əvvəl jurnalistlərə müsahibə verən Xalq Yazıçısı Elçin demişdir ki, “Teleskop” mənim son illərdə yazdığım pyeslərdəndir. İlk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunmuş bu əsərə Finlandiyada yaşayan həmvətənimiz Kamran Şahmərdan quruluş vermişdir. Bu gün isə bizim ikinci doğma teatrımızda bu tamaşanın rus dilində premyerası keçirilir. Tamaşanın məşqlərində iştirak edə bilmədiyimdən ilk dəfə sizinlə birlikdə bu səhnə əsərinə baxacağam.
Xalq Yazıçısı demişdir ki, Rus Dram Teatrında təqdim olunan bu tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi İranə Tağızadədir. O, çox məşhur sənətkarımız, kinorejissor Tofiq Tağızadənin ailəsində dünyaya göz açmışdır. Bu, İranə Tağızadə ilə ilk işimizdir və inanıram ki, əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.
Müəllif demişdir ki, əsərdə teleskop rəmzi bir məna daşıyır. Hər bir insanın daxilində dünyaya baxmaq üçün “teleskop” vardır. İnsanlar onun “gözü ilə” dünyaya, cəmiyyətə baxır və hər şeyi görüb qiymətləndirirlər.
Tamaşanın quruluşçu rəssamı Rusiyanın Sankt-Peterburq şəhərindən dəvət olunmuş Emil Kapelyuş, musiqi tərtibatçısı Əməkdar Mədəniyyət İşçisi Viladimir Neverovdur.
Bu səhnə əsərində əsas rolları xalq artistləri Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, Yuri Baliyev, əməkdar artistlər Fuad Osmanov, Nataliya Baliyeva, aktyorlar İlkin Mehdiyev, Fərid Bəhramov, Teymur Rəhimov və başqaları canlandırmışlar.
Yeni və rəngarəng səhnə tərtibatı ilə tamaşaçıların diqqətini cəlb edən bu əsər böyük maraqla qarşılanmışdır.