ELM VƏ TƏHSİL
Təqaüdçü tələbələrin ödənişli yay istehsalat təcrübəsi başa çatmışdır
Bakı, 31 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ödənişli yay təcrübəsi” proqramı çərçivəsində iyul-avqust aylarında ekologiya idarəsində ödənişli istehsalat təcrübəsi keçən təqaüdçü tələbələrin yay təcrübəsi başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə idarənin Balaxanı qəsəbəsində yerləşən ekoloji ölçmə və tullantıların idarə olunması departamentinin inzibati binasında tələbələrlə görüş keçirilmişdir.
Çıxış edən təcrübə rəhbərləri respublikamızda dövlət səviyyəsində aparılan gənclər siyasəti, gənclərə göstərilən diqqət, ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində istedadlı və perspektivli gənclərin öz təhsillərini ölkə daxilində və xarici ölkələrin aparıcı universitetlərində uğurla davam etdirmələri müsbət hal kimi qiymətləndirilmişdir.
Görüşdə həmçinin ixtisaslı gənc mütəxəssislərin hazırlanması və ARDNŞ-in “Ödənişli yay təcrübəsi” proqramı çərçivəsində cari ildə istehsalat təcrübəsi keçmək üçün ekologiya idarəsinə göndərilmiş 12 nəfər təqaüdçü tələbənin yüksək səviyyədə biliklərə yiyələndikləri vurğulanmışdır.
Ödənişli istehsalat təcrübəsi keçən tələbələr bu müddətdə gördükləri işlər, əldə etdikləri təcrübə haqqında hesabat vermişlər. Onlar təqaüdçü tələbələrə göstərilən diqqət, qayğı və dəstəyi yüksək qiymətləndirmiş, Dövlət Neft Şirkətinin rəhbərliyinə və ekologiya idarəsinin kollektivinə minnətdarlıqlarını bildirmişlər.