REGİONLAR
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda toxumluq kartof istehsalı və marketinqinə dair tədbir keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) “Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirin məqsədi ölkədə toxumluq kartof istehsalı və marketinqində maraqlı olan potensial toxum şirkətləri və fermerlərin iştirakı ilə yeni sortların və yüksəkkeyfiyyətli toxumluq kartofların tanıdılması olub.
Tədbirdə FAO-nun Azərbaycandakı Əməkdaşlıq və Əlaqələndirmə Ofisinin, Aqrar Xidmətlər Agentliyinin, Gədəbəy, Şəmkir və Tovuz DAİM-lərinin rəhbər şəxsləri, kartofçuluq ilə məşğul olan fermerlər, o cümlədən institutun aidiyyəti mütəxəssisləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, institutun İdarə heyətinin sədri, layihənin milli koordinatoru Elmar Allahverdiyev Azərbaycanda kartof toxumu istehsalı vəziyyəti və sağlam kartof toxumu sahəsində görülmüş işlər barədə məlumat verib.
Sonra layihə çərçivəsində yeni nəşr olunmuş “Kartof bitkisində yayılmış xəstəlik və zərərvericilərin diaqnostikası” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə layihə çərçivəsində yerinə yetirilmiş işlərin əhəmiyyəti barədə müzakirələr aparılıb, fikirlər səsləndirilib.
Tanışlıq məqsədilə institutun Aqrobiotexnologiya və Bitki mühafizəsi laboratoriyalarına, istixana kompleksinin kartofçuluq bölməsinə sahə səfəri də təşkil olunub.
Sonda iştirakçıları maraqlandıran suallar layihə ekspertləri tərəfindən ətraflı cavablandırılıb.