REGİONLAR
Tərtər: taxıl zəmilərində orta məhsuldarlıq 35,4 sentnerdir
Tərtər, 19 iyun, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçininin mütəşəkkil və optimal müddətdə başa çatması üçün bütün qüvvələr səfərbər edilib.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ilin məhsulu üçün rayonda 10 min 908,4 hektar sahədə taxıl becərilib. Onun 7 min 93,9 hektarı buğda, 3 min 814,5 hektarı arpa zəmiləridir. Bu günədək 3551 hektar sahədə arpa, 1344 hektar sahədə buğda biçilib, 17 min 312 ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 35,4 sentner, o cümlədən arpa sahələrində 33,7 sentner, buğda sahələrində 39,8 sentnerdir. Hazırda rayonda taxıl biçini surətlə davam edir.