İQTİSADİYYAT
“Toppuş” nişanlı şəkərli şirələnməmiş qarğıdalı çubuqları saxarozanın miqdarına görə normativ sənədin tələbinə cavab verməmişdir
Bakı, 7 oktyabr (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov, 41 ünvanında yerləşən fiziki şəxs Haşem Bağeri Fathaliyə məxsus müəssisədə dövlət nəzarəti aparılmışdır.
Araşdırma zamanı müəssisənin “Toppuş” nişanlı duzlu, pendir əlavəli şirələnməmiş və şirin şirələnməmiş qarğıdalı çubuqları, jeleli marmelad, “Şəbnəm” nişanlı noğul və “Toppuş” nişanlı Lənkəran külçəsi istehsal etdiyi müəyyən edilmişdir.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Toppuş” nişanlı şəkərli şirələnməmiş qarğıdalı çubuqlarından götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən məhsul saxarozanın miqdarına görə normativ sənədin tələbinə cavab verməmişdir. Bundan başqa, təsərrüfat subyektinin məhsulları normativ sənədin tələbinə zidd olaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq resepturalar olmadan istehsal etdiyi, məhsulların istehsalına lazımi şəraitin olmadığı, hazır məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədi ilə müvafiq laboratoriyada sınaqların aparılmadığı müəyyən edilmişdir.
Qanun pozuntuları ilə bağlı müəssisədə nəzarət həyata keçirilən zaman aşkar olunmuş 230 kiloqram jeleli marmeladın, 120 kiloqram “Şəbnəm” nişanlı noğulun, 38 min ədəd “Toppuş” nişanlı qarğıdalı çubuqlarının və 13 min ədəd “Toppuş” nişanlı Lənkəran külçəsinin satışının qadağan edilməsi barədə tələbnamə verilmişdir.