ELM VƏ TƏHSİL
Tovuzda Cənubi Qafqazda ən qədim neolit yaşayış məskəni aşkar edilib
Bu barədə institutun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev məlumat verib.
Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, ekspedisiya tədqiqatlar zamanı məskəndən aşkar edilmiş üzvi qalıqların üzərində Tokio Universitetində aparılmış son radiokarbon analizlər Hacıələmxanlı yaşayış məskəninin eramızdan əvvəl VII minilliyin ortalarına aid olduğunu göstərir. Bununla da Hacıələmxanlı yaşayış məskənini nəinki Azərbaycanda, həmçinin Cənubi Qafqazda 9 min illik yaşı olan, yəni, neolit dövrünə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar.
Qazıntı zamanı əldə edilmiş materiallar əsasında yürüdülən ilkin ehtimallara görə, çiy kərpiclərdən inşa edilmiş planda dairəvi evlərdən ibarət neolit dövrünə aid erkən qəsəbələr düzənlikdə yaradılmış, daha sonralar isə müxtəlif səbəblərdən (ekoloji adaptasiya, təhlükəsizlik, müdafiə və d.) məskənlərin inşası təbii və süni təpələr üzərində aparılıb. Buna Hacıələmxanlı məskənindən təqribən 1 kilometr şərqdə yerləşmiş Göytəpə neolit məskənini misal göstərmək olar. Göytəpə arxeoloji kompleksindən əldə edilmiş əmək alətləri və tikinti-inşaat təcrübəsi ilə müqayisədə Hacıələmxanlı məskəni göstərilən parametrlər üzrə daha sadə və primitiv formaları nümayiş etdirir. Beləliklə, Hacıələmxanlı məskəninin tədqiqatları, genişmiqyaslı baxışda, bölgədə primitiv formadan təkmil səviyyəyədək inkişaf xəttinin mövcudluğu, yəni genetik ardıcıllıq və təkamül barədə nəticə çıxarmağa əsas verir.
Azərbaycan–Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Yaponiya tərəfindən rəhbəri, Tokio Universitetinin professoru, doktor Yoshihiro Nishiaki bildirib ki, hər iki ölkənin mütəxəssislərinin 2012-ci ildən etibarən bölgədə apardıqları tədqiqatlar öz uğurlu məntiqi nəticəsini verib. Biz Cənubi Qafqazda neolit dövrünün ən qədim yaşayış məskənini aşkar etmişik. Bu böyük uğurdur.
Tovuz bölgəsində tədqiqatlar aparan Azərbaycan–Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri F.Quliyev, eyni zamanda, qeyd edib ki, kəşf edilmiş Cənubi Qafqazın ən qədim neolit məskəni barədə beynəlxalq elm ictimaiyyətinin məlumatlandırılması planlaşdırılır. Həmçinin aşkar edilmiş maddi mədəniyyət abidələrinin gələcəkdə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil etmək üçün müraciət olunması da nəzərdə tutulub.