MƏDƏNİYYƏT
Tovuzlu şagirdlər Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri ilə tanış olacaqlar
Tovuz, 10 avqust (AZƏRTAC). Avqustun 10-da Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon şagirdlərinin bir qrupunun Quba-Qusar-Xaçmaz marşrutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etmək üçün yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, təhsil işçiləri, valideynlər iştirak ediblər.
Tur-aksiyanın iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində xalqımızın Ulu Öndərinin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar. Şagirdlər ümummilli lider Heydər Əliyevin mənalı həyatının və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlərlə tanış olublar.
Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyanın qrup rəhbəri Sahib Ələsgərov AZƏRTAC-a müsahibəsində deyib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən tovuzlu məktəblilər üç gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar.
Tur-aksiyada iştirakından məmnunluqla danışan rayonun Cəlilli kənd tam orta məktəbinin XI sinif şagirdi Məhəmməd Axundov bildirib ki, ölkəmizin şimal bölgəsinə səfər etməyi çoxdan arzulayırdım. Regionla tanışlıqdan əlavə özümə təzə dostlar tapacaq və onları Tovuza dəvət edəcəyəm. Bizə bu imkanı yaratdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Alakol kənd tam orta məktəbin X sinif şagirdi İlyas Həsənov isə təəssüratlarını bölüşərkən deyib: “Bu gün ölkəmizin qədim və gözəl guşələrindən birinə yola düşürük. Tur-aksiyanın proqramı ilə ətraflı tanışam. Quba, Qusar və Xaçmaz rayonlarında olmaq çoxdankı arzum idi. Bu arzumun reallaşmasında mənə də imkan yaradan dövlətimizin başçısına təşəkkür edirəm”.
Sonra tur-aksiya iştirakçıları marşrut üzrə hərəkət ediblər.