İQTİSADİYYAT
“TransCaspian-2014” və “Road and Traffic-2014” sərgilərində ən son texnologiyalar və yeniliklər nümayiş olunur
Bakı, 12 iyun (AZƏRTAC, Ceyhun Rüstəmov). İyunun 12-də Bakı Ekspo Mərkəzində 13-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika (“TransCaspian-2014”), həmçinin 4-cü Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat (“Road and Traffic-2014”) sərgiləri işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, sərgilərin açılış mərasimində nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər yol-nəqliyyat kompleksində aparılan əsaslı islahatlardan, həyata keçirilən irimiqyaslı regional layihələrdən, nəqliyyat sahəsində görülən işlərdən danışmışdır. Azərbaycanın nəqliyyat infrastrukturuna son 10 ildə 20 milyard dollar investisiya yatırıldığını deyən M.Pənahov bildirmişdir ki, həmin dövrdə 9 min kilometrdən çox avtomobil yolu, yüzlərlə tunel, körpü və yol ötürücüsü tikilmiş və yaxud yenidən qurulmuş, aeroportlar inşa olunmuş, digər işlər görülmüşdür.
Sərgilərin əhəmiyyətindən bəhs edən nazir müavini ən son texnologiyaların və yeniliklərin nümayiş olunduğu bu mühüm tədbirin təcrübə mübadiləsi aparmağa, yeni müqavilələr imzalamağa geniş imkanlar yaratdığını vurğulamışdır.
Sərgilərin təşkilatçısı “İtesa Kaspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov demişdir ki, builki tədbirin fərqli cəhəti yükdaşıma sektorunu təmsil edən şirkətlərin sayca artmasıdır. Bu, ölkəmizdə inkişafda olan yükdaşıma sektoruna böyük marağın göstəricisidir.
Hər iki sərgiyə Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəstək verildiyini vurğulayan F.Məmmədov bildirmişdir ki, sərgilərə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də rəsmi dəstək verilir. Eyni zamanda, “TransCaspian” sərgisi uzun illərdir ki, TRASECA ilə sıx əməkdaşlıq edir.
Sonra sərgilərin açılışını bildirən rəmzi lent kəsilmiş, iştirakçılar nümayiş etdirilən ən son texnoloji yeniliklər və məhsullarla tanış olmuşlar.
“TransCaspian” sərgisi Qafqazda mühüm nəqliyyat forumu olmaqla yanaşı, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, tranzit yüklərin ölkəmizin ərazisindən daşınması imkanlarının nümayiş etdirilməsinə və yük sahibləri üçün ən optimal daşıma variantlarının müəyyənləşdirilməsinə kömək göstərir. Sərgi hər il öz meydançasında yükdaşıma və logistika şirkətlərinin, vaqon və gəmiqayırma zavodlarının təmsilçilərini, eləcə də nəqliyyat üzərində logistika və informasiya sistemləri, dəniz və çay limanları üçün məhsul istehsalçılarını bir araya gətirir.
“TransCaspian” və “Road and Traffic” sərgiləri bu il öz pavilyonlarında dünyanın 16 ölkəsindən 104 şirkəti bir yerə toplamaqla, müsbət dinamikaya nail olmuşdur. İştirakçıların ümumi sayının 50 faizini xarici eksponentlər təşkil edir.
“TransCaspian” sərgisində Azərbaycan, Belarus, Gürcüstan, Çin, Rusiya, Fransa, Çexiya və İsveçrə şirkətləri öz ekspozisiyalarını nümayiş etdirirlər. Latviyanın milli stendi də ardıcıl olaraq dördüncü dəfədir sərgiyə qatılır. İştirakçılar arasında “Latviya Dəmir Yolları”, “Gürcüstan Dəmir Yolları”, “Access Trans”, “Alstom Transport”, “BM Logistics”, “EGT Express”, “GA Logistics”, “Liebherr”, “Murphy Shipping LLC”, “Rosen International Logistics CO.” “Transmaşholdinq” və digər nəqliyyat şirkətləri vardır. Kommersiya şirkətləri ilə yanaşı, sərgidə Azərbaycanın dövlət nəqliyyat strukturları da iştirak edir.
Sərginin ekspozisiyasında dəniz və yerüstü yükdaşıma, limanlar və liman avadanlıqları, informasiya, naviqasiya və monitorinq sistemləri, kommersiya nəqliyyatı kimi sektorlar təqdim olunur. Sərgi Böyük İpək Yolu layihəsi çərçivəsində bir neçə nəqliyyat növü ilə yükdaşıma xidmətləri göstərən şirkətlərlə tanış olmağa, eləcə də Bakı, Aktau və Türkmənbaşı limanları arasında ən sərfəli yükdaşıma marşrutlarını nəzərdən keçirməyə, dəmir yolu nəqliyyat vasitələrinin istehsalçıları ilə görüşməyə yardım edəcəkdir.
“Road and Traffic-2014” sərgisində isə Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Sinqapur, Türkiyə, Ukrayna, Çexiya və digər ölkələrin şirkətləri tərəfindən regionun yol infrastrukturunun geniş mənzərəsi nümayiş olunur. Sərgidə yol-tikinti xidmətləri, metro tikintisi və tunelçəkmə avadanlıqları, habelə mühafizə və səsboğucu sipərlər, yol nişanları və işıqforlar, avtomobil axınını idarə etmək üçün nəzərdə tutulmuş qabaqcıl sistemlərlə tanış olmaq mümkündür. Burada “Azəryolservis” ASC, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, “Almix Asia”, “AZD Praha”, “Azerinshaat”, “Baku Taksi”, “Controls S.R.L.”, “E-Mak”, “Herrenknecht AG”, “Holcim”, “Kolin İnşaat”, “Körpü-Bina-Tikinti”, habelə yol-tunel tikintisi və ictimai nəqliyyat sektorunda çalışan bir çox digər şirkətlər iştirak edir.
Beləliklə, “TransCaspian-2014” və “Road and Traffic-2014” sərgiləri Azərbaycan üçün mühüm strateji layihələr olmaqla yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin aparılması, bazarın qiymətləndirilməsi, perspektivli müqavilələrin bağlanması və investisiyaların yatırılması üçün əla imkan yaradır.
Sərgilər üç gün davam edəcəkdir.