MƏDƏNİYYƏT
“TRT Avaz” kanalı Türkiyənin İzmit şəhərindəki Azərbaycan Kültür Evindən xüsusi proqram hazırlamışdır
Bakı, 15 mart (AZƏRTAC). “TRT Avaz” kanalı Türkiyənin İzmit şəhərindəki Azərbaycan Kültür Evindən xüsusi proqram hazırlamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “TRT Avaz”ın Türkiyə Koceli Azərbaycan Kültür Evində apardığı çəkilişlər aprel ayının sonunda “Türkiyənin rəngləri, Türkiyənin səsləri” verilişində efirə gedəcəkdir.
Telekanalın çəkiliş qrupu Koceli Azərbaycan Evində martın 6-dan etibarən bir həftə ərzində təşkilatın fəaliyyəti haqqında geniş proqram ərsəyə gətirmişdir.
Çəkilişlər zamanı Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar rəhbərlik etdiyi qurumun məqsədi, fəaliyyəti və gələcək planları haqqında məlumat verib. Bilal Dündar federasiyanın Türkiyə ilə Azərbaycan arasında bir körpü rolu oynadığını, qardaş ölkələrimizin münasibətlərinin daha da inkişafı üçün işlərin sürətlə davam etdiyini demişdir.
Koceli Azərbaycan Kültür Evinin katibi Anar Əsədov isə Kültür Evindəki Heydər Əliyev Kitabxanası, Soyqırımı Muzeyi haqqında danışaraq demişdir: “Bu Soyqırımı Muzeyini açmaqda məqsədimiz odur ki, insanlar bizə qarşı törədilən qətliamı görsünlər. Tariximizə sahib çıxmalıyıq”.
“Türkiyənin rəngləri, Türkiyənin səsləri” proqramı üçün Koceli Azərbaycan Kültür Evində aparılan çəkilişlər zamanı Koceli valisinin müavinləri, Koceli kültür və turizm müdiri və digər rəsmi şəxslər, elm adamları müsahibə vermişlər.
Proqramın çəkilişləri Kartepe və Derincedeki Heydər Əliyev parklarında davam etdirilmişdir.
Verilişin bir-birindən maraqlı olan səhnələrində Azərbaycan mətbəxinin ləziz nümunələri - plov, piti, dovğa da sərgilənmişdir.
Aprel ayının son həftəsində “TRT Avaz” kanalında efirə gedəcək proqramın yayım tarixi yaxın günlərdə dəqiqləşəcəkdir.