SİYASƏT
“TÜRKİYƏ GÜNÜ” ÇƏRÇİVƏSİNDƏ XEYRİYYƏ TƏDBİRİ KEÇİRİLMİŞDİR
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 25-də Türkiyənin Bakıdakı səfirliyində “Türkiyə günü” çərçivəsində xeyriyyə tədbiri keçirilmişdir.
Tədbirdə dövlət rəsmilərinin və xarici ölkələrin Azərbaycandakı səfirlərinin xanımları iştirak etmişlər.
Türkiyə səfirinin xanımı Günay Kılıç bildirmişdir ki, bu tədbir Beynəlxalq Qadınlar Klubu (BQK) ilə birlikdə keçirilir. Tədbirdə toplanılan vəsait BQK vasitəsilə uşaqların ehtiyaclarının ödənilməsinə sərf olunacaqdır. BQK-nin dəstəyi ilə hər ay bir ölkənin səfirliyində belə xeyriyyə tədbiri keçirilir. Biz bu tədbirdə türk mədəniyyətini, sənətini və tarixini tanıtmağa çalışırıq.
Sonra Türkiyənin tarixi, mədəniyyəti, incəsənəti və iqtisadiyyatı ilə bağlı videoçarx göstərilmişdir. Atatürk liseyinin şagirdləri türk xalq musiqisi və rəqslərini ifa etmişlər.
“Türkiyə günü”ndə qonaqlar türk mətbəxinin şirniyyatlarından dadmış və Ebru türk əl işləri sənəti ilə tanış olmuşlar.
######